2023-03-31

31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımı Günündən 105 il ötür.

Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzetində “31 mart 1918-ci il - Azərbaycanlıların Soyqırımı Günündən 105 il ötür” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun müəllifi olduğu məqalədə tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olan 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, martın 31-də Azərbaycanda 1918-ci ilin mart ayında ermənilər və bolşeviklər tərəfindən törədilmiş qanlı qırğının qurbanlarının xatirəsi ehtiramla yad olunur. 1918-ci ildə 70 mindən insan – azərbaycanlılar, ləzgilər, yəhudilər, tatlar, və digər etnik qrupların nümayəndələri bu dəhşətli soyqırımının qurbanları olub. “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilib, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalıb. Baş vermiş soyqırımı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar top atəşinə tutularaq dağıdılıb.

Yazıda qeyd edilib ki, 1918-1920-ci illərdə Andranikin quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində əhalinin əksəriyyəti, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan 565 minə yaxın insan vəhşicəsinə qətlə yetirilib, ya da ata-baba yurdundan qovulub.

Müəllif vurğulayıb ki, Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılması baxımından mühüm rol oynayır. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüldü. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın tarix boyu məruz qaldığı soyqırımı siyasətinin və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda, törədilmiş cinayətləri araşdırmaq və baş vermiş hadisələrə siyasi-hüquqi qiymət vermək mümkün olub. Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu Fərman tariximizin qanlı səhifələrinin öyrənilməsi və əbədiləşdirilməsi ilə yanaşı, həm də erməni şovinizminin, terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə, həmçinin bildirilib ki, aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanıb. Tədqiqat işləri nəticəsində 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Onların 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları əsasən yaşlı kişilərdir. Müəyyən edilib ki, məzarlıqda təkcə azərbaycanlılar deyil, Qubada kompakt yaşayan ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də amansızlıqla qətlə yetirilərək torpağa basdırılıb.

Erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin, qeyri-insani əməllərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər il minlərlə insan bu məkanı ziyarət edərək, qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini anır. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim yüksək ehtiramla yad edir, erməni faşizminin əsl üzünü görmək üçün bütün dünyanı bu tarixi hadisələrdən ibrət almağa çağırır.

https://ultima-ora.ro/au-trecut-105-de-ani-de-la-genocidul-azerbaidjenilor-din-31-martie-1918/ 

Arxiv üzrə axtarış