2023-05-10

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Buxarest şəhərinin “Tey” parkında Heydər Əliyevin büstü önündə tədbir keçirilib.

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində Buxarest şəhərinin “Tey” parkında Heydər Əliyevin büstü önündə tədbir keçirilib.

Tədbirdə Rumıniyanın Xarici İşlər Nazirliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan və Türkmənistanın Rumıniyadakı səfirləri, Türk İş Adamları Dərnəyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, SOCAR Petrolium şirkətinin nümayəndələri, həmçinin Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, aparıcı KİV-in, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə büstün önünə əklillər və çiçəklər qoyulub.

Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışıb. Səfir bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib.

Müstəqillik illərindən danışan səfir qeyd edib ki, Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkə fəlakətdən xilas olub. Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olmuş və xarici siyasət sahəsində də müsbət dəyişikliklər baş vermişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkənin nüfuzu artmış, inkişafa nail olunmuş, müstəqilliyimiz əbədi və dönməz edilmişdir.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən diplomat, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

H.Nəcəfov, həmçinin qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində Qələbə qazanıb və torpaqlarımızın ərazi bütövlüyü təmin edilib. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malikdir, eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisədir. Bu Qələbə xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın şanlı bir mərhələsidir.

Səfir bildirib ki, Ümummilli Liderin əvəzsiz xidmətləri heç vaxt unudulmayacaq və Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaq.

 

 

 

 

 

Arxiv üzrə axtarış