2023-06-15

Buxarestdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarestdə rəsmi qəbul keçirib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil olunan tədbirdə Rumıniyanın hökumət və parlament nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan-Rumıniya Dostluq Cəmiyyətinin sədri və üzvləri, təhsil ocaqlarının professor və müəllimləri, din xadimləri, tanınmış iş adamları, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verib. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitliyin bərqərar olunduğunu vurğulayıb.

Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Məhz bu siyasətin nəticəsi olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin edib. Bu Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik, eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisə oldu.

Səfir Azərbaycan-Rumıniya münasibətlərindən də söz açıb, 30 ildən artıq davam edən diplomatik əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ölkələrarası strateji tərəfdaşlığın dərinləşdiyini və strateji əlaqələr kəsb edən regional layihələrin həyata keçirildiyini bildirib.

Tədbirdə Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə Dövlət katibi (nazir müavini) Yulian Fota çıxış edərək, Milli Qurtuluş Günü münasibətilə Rumıniya xalqı adından Azərbaycan xalqını təbrik edib. O, Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyində olduğu illər ərzində iki ölkə arasında münasibətlərin dərin təməlinin qoyulduğunu bildirib. Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini xüsusi olaraq vurğulayıb.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən Dövlət katibi, həmçinin Avropa və Rumıniyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətli roluna diqqət çəkib. O, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun və ikitərəfli səfərlərin yüksək dinamikasını qeyd edib. Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin cari ilin fevralında, Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Marçel Çolakunun isə mart ayında Azərbaycana səfərləri xatırladılıb. Y.Fota, həmçinin Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyətli rolunu və Rumıniyanın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil edilib, eyni zamanda, Ulu Öndər barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim olunub.

 

Arxiv üzrə axtarış