2023-09-18

Rumıniyanın milli xəbər agentliyində Azərbaycan Milli Musiqi Günü ilə əlaqədar geniş məqalə dərc edilib.

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk operanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr edilmiş “18 sentyabr - Azərbaycan Milli Musiqi Günü” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə dahi Azərbaycan bəstəkarının həyat və yaradıcılığı, onun əsərləri və ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir. Azərbaycanda hər il sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi qeyd olunduğu söylənilir. Bildirilir ki, 1995-ci ildə Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu günün milli səviyyədə qeyd olunması haqqında Fərman imzalayıb

Milli Musiqi Gününün qeyd olunması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hər il bəstəkarın xatirəsinə həsr olunmuş bir sıra mədəni tədbirlərin təşkil olunduğu diqqətə çatdırılır. Həmçinin, bu il sentyabrın 18-28-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin XV Beynəlxalq Musiqi Festivalının təşkil olunacağı barədə məlumat verilir.

Müəllif qeyd edib ki, Ü.Hacıbəylinin musiqi fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinə böyük şöhrət qazandırıb. 25 yanvar 1908-ci ildə dahi şair, mütəfəkkir və Azərbaycan ədəbi dilinin yaradıcılarından olan Məhəmməd Füzulinin əsəri əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"un premyerası yaradılmış və bu həm Yaxın Şərqdə, həm də müsəlman dünyasında ilk opera olub. Həmçinin qeyd edir ki, Üzeyir Hacıbəyli Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) himninin müəllifidir. 1920-ci ilin aprelində AXC süqut etdikdən sonra, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman bu himnə ikinci həyat bəxş edilib.

Məqalədə Üzeyir Hacıbəyli qələminin məhsulları olan Azərbaycan musiqi sənətinin şedevrləri – “Koroğlu”, “Şah Abbas və Xurşid Banu”, “Rüstəm və Söhrab”, Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyaları barədə də qısa məlumat verilir.

 

https://www.agerpres.ro/ots/2023/09/18/18-septembrie-ziua-nationala-a-muzicii-din-azerbaidjan--651601?fbclid=IwAR32fx62uaCgCKDPAHfYQ-DCZAIfOfTlKqQZUJvb-WlQmSzZQryhyhgWUXs_aem_ATRlpp2Xmc4kNsfQh2RUDPme51XFlzbGjUgA_cHtznvIiv0DquOTCoI5mNuLputgWeA 

Arxiv üzrə axtarış