2023-11-03

9 Noyabr- Azərbaycanın dövlət bayrağı günü

Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u tarixinin ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edildiyi bildirilir.

Bayrağın yaranma tarixinə nəzər salan səfir, Azərbaycan Dövlət Bayrağının 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

Bildirilir ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək, onu Dövlət Bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Sonda diplomat vurğulayıb ki, üç il əvvəl bayrağımız Şuşa şəhərində dalğalandı: “Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər boyu yaşatdığı arzularını həyata keçirdik, torpaqlarımızı geri aldıq və ərazi bütövlüyümüzü bərpa etdik”.

Məqalədə qeyd olunur ki, 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda dövlət bayrağını qaldırıb. Beləliklə, bütün torpaqlarımız azad edilib, ölkəmizdə separatizmə son qoyulub və Azərbaycanın tarixi qələbəsi rəsmiləşib. Azərbaycan Prezidenti İlham Əliyev dövlət bayrağının Xankəndidə dalğalanmasını tarixi gün adlandırıb.

 

https://ultima-ora.ro/9-noiembrie-ziua-drapelului-de-stat-al-azerbaidjanului/ 

Arxiv üzrə axtarış