2023-11-01

Vətən müharibəsində Qələbənin üçüncü ildönümü

Rumıniyanın nüfuzlu “Ultima Ora“ internet qəzetində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Vətən müharibəsində Qələbənin üçüncü ildönümü” sərlövhəli geniş məqaləsi dərc edilib. 

Məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti nəticəsində Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etməsi və Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdığı geniş təsvir olunub.

Münaqişənin tarixi aspektlərinə diqqət çəkən diplomat bunun Ermənistanın uzun illər Azərbaycana qarşı hərbi təcavüzü kontekstində nəzərdən keçirdiyini və bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qaldığını, 30 il ərzində işğal etdiyi ərazilərdə xalqımızın mədəni irsinin dağıdılması və talan edilməsi kimi faktları vurğulayıb.

Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamənin qəbuluna baxmayaraq, rəsmi İrəvan bu qətnamələri yerinə yetirməkdən boyun qaçırıb.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın əl atdığı yeni təcavüz aktına cavab olaraq Azərbaycanın başladığı əks-hücum əməliyyatı beynəlxalq humanitar hüquqa əməl edilməklə həyata keçirilib, müharibə dövründə Azərbaycan tərəfi Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq humanitar hüququn normalarına tam şəkildə riayət edib. 44 günlük Vətən müharibəsində Azərbaycan böyük hərbi nailiyyətlər qazandı. İlk günlərdən Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı və onları təslim olmağa məcbur etdi.

Həmçinin vurğulanıb ki, döyüş meydanında çətin vəziyyətdə qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədib, Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərlərinə və digər yaşayış məntəqələrinə kasetli bombalar atıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qəsdən öldürülməsi ermənilərin xalqımıza qarşı növbəti hərbi cinayətidir. Ermənistandan fərqli olaraq, Azərbaycan ordusu münaqişə boyu heç vaxt dinc əhalini atəşə tutmayıb.

Diplomat yazısında Ermənistanın mina terroruna diqqət çəkib, nəticədə 300-dən çox azərbaycanlının mina qurbanı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu ilin sentyabrında Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə terrorçular cəzalandırılıb.

Eyni zamanda, bu il oktyabrın 15-nin ədalətin təntənəsinin rəmzi kimi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğu bildirilib, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Dövlət Bayrağı sancıldığı qeyd olunub. Azərbaycan Bayrağının Xankəndində dalğalanması “Heydər Əliyev İli”ndə xalqımıza verilən ən böyük töhfədir.

Sonda səfir qeyd edib ki, qazanılan Qələbə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan ardıcıl və prinsipial siyasətin məntiqi nəticəsidir.

 

https://ultima-ora.ro/a-treia-aniversare-a-victoriei-in-razboiul-patriotic/?fbclid=IwAR39Sxix3SqC1Ptr-S5QeD8u_bHHuMB8jlwKZRtdr5Lwu5nU9jyOwQKK5y8_aem_Aay8xcG7Kpf0VzDPyY3hChDHbsX0Zqau7eC4MljGyYhAIjT-L5nZfeLqVCb3m2De5HM 

Arxiv üzrə axtarış