Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında birgə müəssisə təsis edilib
2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Buxarestdə 8-ci Nazirlər-Rəhbər Komitənin iclası keçirilib.
Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və CESI şirkətinin nümayəndələri də iştirak ediblər.
İclasda layihənin CESI şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, birgə müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, yaşıl enerji dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.
Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “AzərEnerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında birgə müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanması, həmçinin Fiber-Optik Kabel Xəttinə (FOC) dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb.
Yekunda nazirlərin Buxarest görüşünün nəticələrinə dair brifinq keçirilib.