2024-06-03

Buxarestdə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Buxarest-Bakı marşrutu üzrə həyata keçirdiyi ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib.

Buxarestdə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Buxarest-Bakı marşrutu üzrə həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcəyi uçuşların ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib. “Azərbaycan Hava Yolları”nın təyyarəsi "Henri Koanda" aeroportunda ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm naziri Ştefan-Radu Oprea, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin Turizm Baş İdarəsinin baş direktoru İoana Podosu, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Satış və əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Daha sonra Rumıniyanın hökumət nümayəndələri, aparıcı turizm şirkətlərinin nümayəndələri, diplomatik təmsilçilər, Rumıniyada yaşayan həmvətənlərimiz iştirakı ilə  geniş məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə çıxış edən Rumıniya hökumətinin baş katibi Mirçea Abrudean qeyd edib ki, bu reysin açılması məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti nəticəsində mümkün olub. M.Abrudean Rumıniyanın energetika naziri Sebastian Burdujanın Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmağını və bu məsələni qaldırdıqda, Prezidentin dərhal tapşırıq verdiyini, bu layihənin səmərəli olduğuna inamını bildirib. O diqqətə çatdırıb ki, bu reysin açılması xalqlar arasında körpü rolu oynayacaq.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov öz çıxışında bildirib ki, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri üçün bu reysin xüsusi əhəmiyyəti var. Belə ki, turist axınının çoxalması, ölkələrin daha yaxından tanınmasına gətirib çıxaracaq.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare bu hadisənin tarixi gün olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, reysin açılmasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Diplomat Azərbaycan və Rumıniyanın tranzit ölkə kimi Avropa və Asiyaya açılan qapı olduğunu deyib. O, Azərbaycanın həm uzunmüddətli, həm də həftəsonu istiqamət kimi çox maraqlı və cəlbedici yer olduğunu bildirib.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov agentliyin strategiyası, turizm axınının çoxalması üçün görülən fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, Rumıniya Azərbaycan üçün çox mühüm bazardır və yeni reysin açılması mədəniyyətlərin, xalqların qovuşmasını sürətləndirəcək.

Sonra Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov ASAN Viza, “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyəti, Bakının və Azərbaycanın gözəl məkanları və diyarları barədə təqdimatla çıxış edib.

AZAL-ın satış əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov qurumun tarixindən, gələcək perspektivlərindən, yeni istiqamətlərin açılmasından danışıb. O qeyd edib ki, 2024-cü ildə AZAL artıq 60-dan çox ölkəyə uçuşlar həyata keçirir.

Tədbirin sonunda AZAL-ın beş bileti lotereyada oynanılıb.

Tədbir Azərbaycan musiqilərinin ifa olunduğu konsert proqramı ilə davam edib.

Arxiv üzrə axtarış