2024-12-04

Buxarest Parlament Sarayında “Şəhər antropologiyası” jurnalının Azərbaycana həsr olunmuş oktyabr sayının təqdimatı keçirilib

Buxarest Universitetinin, Buxarest Şəhər Muzeyinin və Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest Parlament Sarayının Təhsil Komitəsi zalında “Şəhər antropologiyası” jurnalının Qafqaz regionuna (Azərbaycan və Gürcüstan) həsr olunmuş oktyabr sayının təqdimatı keçirilib.

Jurnalda ölkəmizlə bağlı dərc olunmuş mədəni irsimizi müxtəlif aspektlərdən (Azərbaycanın milli geyimləri, Bakının arxitekturası, Azərbaycan xalqının etnik xüsusiyyətləri, Novruz adət-ənənələri, çay mədəniyyəti və s.) araşdıran elmi məqalələr Azərbaycan Dillər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının müəllim və professor heyəti tərəfindən hazırlanıb. Həmçinin jurnalda Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən çəkilmiş Bakının və ölkəmizin müxtəlif regionlarının foto-görüntüləri yer alıb.

Jurnalın təqdimatına həsr olunmuş konfransın əsas mövzusu “İpək Yolu səlnaməsi: ipək istehsalı və ticarətinin inkişafında Azərbaycanın rolu” olub.

Tədbirin qonaqları arasında Rumıniya Parlamentinin Deputatlar Palatasının Avropa məsələləri Komitəsinin sədri Mirela Furtuna, Rumıniya Xarici İşlər Nazirliyinin departament rəhbəri, Rumıniyanın Azərbaycandakı keçmiş səfiri Dan Yanku, Buxarest Şəhər Muzeyinin direktoru Adrian Majuru da yer alıb.

Tədbirdə çıxış edən K. Konstantin jurnalın hazırlanması prosesində Azərbaycan, Gürcüstan və Rumıniyadan olan müəlliflərin birgə fəaliyyətinə toxunub, hər iki ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrinin öyrənilməsi üçün əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

M. Furtuna çıxışında Qafqaz regionun Avropaya açılan qapı rolundan bəhs edib, qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqələrin regionlarımızın inkişafına verəcəyi töhfələrin dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan göstərilən təşəbbüsü təqdir edib, mədəniyyəti xalqları bir-birinə yaxınlaşdıran başlıca amillərdən biri kimi dəyərləndirib.

D. Yanku çıxışında qeyd edib ki, Azərbaycan şəhərlərinin tarixi memarlıq nümunələri xalqımızın tarixini və özünəməxsus mədəniyyətini təzahür etdirir. O, K. Konstantinin bu abidələri araşdırılaraq jurnalın oktyabr sayına əlavə etməsini, bununla da Cənubi Qafqazın memarlıq antropologiyası barədə gələcəkdə istifadə ediləcək elmi məqalələr toplusunun ərsəyə gəlməsində verdiyi əməyə görə ona təşəkkürünü bildirib. D. Yanku Azərbaycan və Rumıniya xalqlarının mədəni cəhətdən oxşarlığını qeyd edərək, bu xüsusiyyətlərin milli mətbəx, xalçalıq və memarlıqda əks olunduğunu vurğulayıb.

Daha sonra çıxış edən A.Majuru jurnalın təsis edilməsinin tarixindən danışıb, ildə iki dəfə olmaqla, artıq 10 ildir ki, işıq üzü görən bu jurnalın ərsəyə gəlməsində əmək verən hər kəsə təşəkkürünü bildirib. Jurnalın qarşısına qoyduğu məqsədlər arealını ildən-ilə genişləndirməyə davam etdirdiyindən duyduğu məmnunluğu dilə gətirən muzey direktoru təşəbbüslərin davamlı olacağına inamını ifadə edib.

Səfir Qüdsi Osmanov çıxışında jurnalın yaradıcılarına təşəbbüsə görə xüsusi minnətdarlığı bildirərək, jurnalda dərc edilən məqalələrin ölkəmizin Rumıniyada daha yaxşı tanınmasına əlavə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açan diplomat, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Tədbirin mövzusuna toxunan səfir hələ 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniyanın keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirdiyini bildirib. Diplomat Azərbaycan, Gürcüstan və Rumıniyanı Şərqdən Qərbə uzanan qlobal yolun vacib bir hissəsi adlandırıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva  və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev çıxış ediblər. Onlar böyük ekranda təqdimatla Azərbaycanda ipək mədəniyyətinin tarixi, İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasındakı ticarət və iqtisadi münasibətlər, o cümlədən müasir dövrdə gərçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsi barədə danışıblar. 

Tədbirdə Gürcüstanın Rumıniyadakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbir ölkəmizin inkişafına həsr olunmuş sərgi ilə tanışlıq, o cümlədən Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən təşkil olunmuş ziyafətlə davam edib.

Arxiv üzrə axtarış