2024-11-05

Rumın-Amerikan Universitetində “COP29: Azərbaycanın Sədrliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi və Rumın-Amerikan Universitetinin birgə təşkilatçılığı ilə Universitetin Senat zalında “COP29: Azərbaycanın Sədrliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib. Tədbirdə ali məktəbin rəhbərliyi, Rumıniyanın beyin mərkəzlərinin nümayəndələri, universitetdə təhsil alan xarici və yerli tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Kostel Neqriçea COP29 ərəfəsində Azərbaycanın COP29 Sədrliyinə həsr olunan tədbirin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini akademik ictimaiyyətin elmi və dövlət qurumları arasında dialoqun qurulması, tədbir barədə məlumatlandırılması baxımından vacibliyini vurğulayıb. O, universitetin iqlim dəyişmələri və fəsadları, planetimizin ekologiyasının qorunmasına yönəlmiş elmi layihələrdə iştirakı barədə danışıb.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov tədbir iştirakçılarına COP29 çərçivəsində ölkəmizin strateji hədəfləri, yanaşmaları və prioritetləri, yaşıl enerji sahəsində bərpaolunan enerji layihələrində dünya şirkətləri ilə əməkdaşlığı, “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin perspektivləri barədə danışıb. Həmçinin diplomat Azərbaycan tərəfindən COP prosesinə yenilik gətirəcək təşəbbüsləri qeyd edərək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması, Qlobal Atəşkəs Çağırışı və digər təşəbbüslər barədə geniş məlumat verib. O, gəncləri təbiətin, ekologiyanın qorunması üçün daha məsuliyyətli olmağa çağırıb.

Rumıniyanın “Dayanıqlı Yanacaq Assosiasiyası”nın prezidenti Vlad Stoiçesku çıxışında dünyada, əsasən Avropada baş verən təbii fəlakətlərin iqlim dəyişmələrindən qaynaqlandığını bildirib, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin mahiyyətinə toxunub. O, Azərbaycanın qaz istehsal və təchiz edən ölkə olaraq alternativ hidrogen və yaşıl enerji layihələrində iştirakını bütün region ölkələri üçün nümunəvi addım kimi dəyərləndirib. V.Stoiçesku ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bəşəriyyətin enerji istehsalında istifadə etdiyi ənənəvi resursların azalması istiqamətində qlobal addımların atılmasının, COP29 kimi platformalarda dünya liderləri tərəfindən ekoloji problemlərin müzakirəsinin vacibliyini qeyd edib.

Rumıniyanın enerji sahəsində aparıcı beyin mərkəzi olan “Enerji Siyasəti Qrupu” beyin mərkəzinin tədqiqatçısı İoana Vasiliu COP29-da Rumıniya qeyri-hökumət təşkilatlarının nümayəndələrinin planlaşdırılan iştirakı barədə məlumat verib. O, iqlim dəyişikliyi ilə mübarizənin Rumıniya üçün prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, dövlətin və qeyri-dövlət qurumlarının ekologiya sahəsinə verdiyi töhfədən danışıb.

Tədbirdə Buxarest Universitetinin doktorantı Salatın Şamilova tərəfindən 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması və Azərbaycanın "COP29"-a hazırlıq prosesi ilə bağlı böyük ekranda təqdimat keçirilib. Eyni zamanda Senat zalının girişində Azərbaycanın yaşıl enerji siyasətinə həsr olunmuş sərgi baş tutub.

Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.

 

Arxiv üzrə axtarış