2024-12-12

Buxarestdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin və SOCAR-ın Rumıniyadakı törəmə “Socar Petroleum SA” şirkətinin əməkdaşları, eləcə də Rumıniyada yaşayan soydaşlarımız Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümündə onun Buxarestin Tey parkında yerləşən büstünü ziyarət edərək önünə əklil, gül dəstələri düzüblər, dahi şəxsiyyətin xatirəsini yad ediblər.

Soydaşlarımızın qarşısında çıxış edən Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, müstəqil Azərbaycanın qorunub saxlanılmasında, formalaşmasında və inkişafında onun əvəzsiz xidmətlərini qeyd edib.

Səfir Ulu Öndərin əsasını qoyduğu sabit inkişaf yolunu, siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, ölkəmizin regionda aparıcı rolu, o cümlədən nüfuzlu beynəlxalq tədbirlərə, görüşlərə ev sahibliyi etməsi, miqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi barədə danışıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi ilə tanış olublar.

Arxiv üzrə axtarış