Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin dəstəyilə Rumıniyanın Milli Mədəniyyət Günündə “Eminesku – Linqvistik səyahətlər, çoxdilli nəşr” adlı tədbirlər keçirilib
Rumıniyanın Milli Mədəniyyət Günü münasibətilə ölkənin müxtəlif şəhərlərində hər il keçirilən mədəni-kütləvi tədbirlər çərçivəsində yanvarın 15-də Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin və Kluj Rayon Təhsil İdarəsinin dəstəyi, Azərbaycan Dillər Universitetinin nəznində fəaliyyət göstərən Rumın dili və mədəniyyəti mərkəzinin və Kluj-Napoka “Romulus Ladea” vizual incəsənət məktəbinin birgə təşkilatçılığı ilə sözügedən məktəbin ev sahibliyində “Eminesku – Linqvistik səyahətlər, çoxdilli nəşr” başlıqlı məktəbin müxtəlif yaş səviyyələrində olan auditoriyaları üçün (XI-C, IX-C) tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd rumın ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Mihay Emineskunun anadan olmasının 175-ci il dönümü münasibətilə yeni nəşr olunmuş üçdilli (rumın, ingilis, Azərbaycan) şeir kitabının təqdimatı ilə yanaşı, Azərbaycan və Rumıniya arasında mövcud mədəniyyətlərarası dialoqun uzunmüddətli perspektivə malik potensialını vurğulamaq, rumın ədəbiyyatının beynəlxalq səviyyədə tanınmasına töhfə və iki ölkə arasında təhsil sahəsində gələcək əməkdaşlıqlara ilham vermək məqsədini daşıyıb.
Hər iki tədbirdə məktəbin şagird və müəllim heyəti ilə yanaşı, Azərbaycan Dillər Universitetinin rumın dili üzrə keçmiş məzunları, M. Eminesku poeziyasının dilimizə tərcümə edilməsində iştirak edən ADU-nun tələbələri, eləcə də səfirliyin əməkdaşı I katib İlqar Fərəcov onlayn formatda iştirak edib.
Tədbirlərin moderatoru Kluj-Napoka "Babeş-Bolyai" Universitetinin professoru İosefina Blazsani-Batto çıxışında ədəbiyyatın təhsil və mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynadığını vurğulayıb, M. Eminesku poeziyasının müxtəlif dillərə tərcüməsinin onun yaradıcılığının universal mövzularının araşdırılması yolunda mühüm addım olduğunu bildirib və M. Emineskunun şeirlər kitabının çoxdilli nəşrinin videotəqdimatını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra Azərbaycan Dillər Universitetini rumın dili üzrə bitirmiş keçmiş məzunlar şairin şeirlərini rumın dilində səsləndiriblər.
Tədbirə onlayn formatda qoşulan tərcümə layihəsində iştirak edən ADU-nun tələbələri Eminesku yaradıcılığının universal mövzularının başqa dilə çevrilməsi prosesinə öz yanaşmalarını ifadə ediblər.
Ədəbiyyatı vizual incəsənət və rəqəmsal kommunikasiya ilə inteqrasiyada təqdim edən tədbirlərdə fəal iştirak edən məktəbin XI-C, IX-C siniflərinin şagirdləri bədii tərcümənin mədəni dialoqların üfüqlərini necə genişləndirməsinə əyani şahidlik edib, onların müasir fənlərarası təhsil təcrübəsinə öz töhfəsini verib, ədəbiyyatı bədii kurrikuluma inteqrasiya etməklə şeir və vizual ifadəni əlaqələndirməyə yönləndirib.
I katib İ. Fərəcov çıxışında Azərbaycan və Rumıniya arasında hərtərəfli, xüsusilə təhsil və mədəni sahələri əhatə edən potensial tərəfdaşlığa toxunaraq, əməkdaşlıq və innovasiyaya əsaslanan təhsil modelinin təşviq edilməsinin əhəmiyyətindən danışıb.
Texnologiya, ədəbiyyat və beynəlxalq əməkdaşlığı bir araya gətirən bu innovativ təşəbbüsün M. Emineskunun əsərləri və onların qlobal aktuallığı haqqında iştirakçılara qazandırdığı yeni perspektivlər böyük təqdir qazanıb.