Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi-işgüzar səfərinə dair mətbuat məlumatı
Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeannın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar.
Mirça Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub. Burada qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Aprelin 14-də Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, dünyada Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci, Avropa İttifaqı ölkələri arasında isə birinci dövlət olduğunu qeyd edib, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərindən danışıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.
Dövlətlərarası münasibətlərimizin qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaratdığı, parlament dostluq qruplarının mühüm rolu və parlament komitələri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.
Sahibə Qafarova Azərbaycan və Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, Azərbaycanın BMT qətnamələrinin icrasını öz gücünə təmin edərək ərazi bütövlüyünü bərpa etdikdən sonra bəzi Avropa ölkələri tərəfindən qarşılaşdığı təzyiqlər, məqsədli şəkildə yayılan saxta informasiyalara qarşı apardığı mübarizə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə də məlumat verib.
Görüşdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, sakinlərin öz doğma yurdlarına qayıtmaları, Qərbi azərbaycanlıların hüquqlarının bərpasının təmin olunması barədə də danışılıb.
Mirça Abrudean ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını, beynəlxalq təşkilatlarda, xüsusilə də AŞPA-da ölkəmizi müdafiə etdiyini və Ermənistanla sülh planını dəstəklədiyini diqqətə çatdırıb. O, tezliklə sülh sazişinin imzalanacağına inamını ifadə edib və bu regionu parlaq gələcəyin gözlədiyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu bildirən qonaq “ASAN xidmət” təcrübəsinin Rumıniyada da tətbiqi üçün Anlaşma Memorandumu imzalandığını və bu təcrübəni öyrəndiklərini diqqətə çatdırıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Aprelin 14-də Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.
Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub. Həmçinin siyasi dialoqun yüksək səviyyədə olduğu bildirilib, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.
Parlamentlərarası əməkdaşlığa toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Rumıniya arasında iqtisadi-ticari, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi məmnunluqla qeyd edilib.
Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Bakının Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda olub.
Qonaqlar burada görkəmli bəstəkar Corce Eneskunun abidəsini ziyarət edərək, önünə güllər düzüblər, xatirəsini ehtiramla yad ediblər.











