Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Buxarest şəhərində qeyd olunub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Ulu Öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstünün qarşısında tədbir təşkil olunub, abidənin önünə əklillər və tər çiçəklər düzülüb.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbiri çıxış sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Mərasimdə Rumıniya Xarici İşlər Nazirliyinin Şərq Qonşuluğu üzrə Baş İdarəsinin direktoru Dan Yanku, Rumıniya Parlamentinin Senatının üzvü, Senatın Media və Mədəniyyət Komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Moldova Respublikasının Rumıniyadakı səfiri Viktor Kirila və digərləri çıxış edib, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət veriblər.
Tədbir əsnasında abidənin ətrafında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş fotosərgi, eləcə də iştirakçılar üçün açıq havada çay süfrəsi təşkil olunub.
Tədbirdə Türkiyənin Rumıniyadakı Səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin, “Yunus Emre” İnstitutunun Buxarest ofisinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi və əməkdaşları, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.







