2025-12-12

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti Rumıniyada rəsmi səfərdə olub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərinə səfər edib.

Nümayəndə heyətinin tərkibində kollegiyanın sədr müavini Şahmar Məmmədov və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil olunublar.

Səfərin ilk günü nümayəndə heyəti Buxarest şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyulub və Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib. Görüş zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri xüsusi vurğulanıb, hüquqi sahədə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, həyata keçirilən islahatlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Rumıniya Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində aparılan islahatlar, onların praktiki tətbiqi, eləcə də Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq imkanları barədə məlumat verib.

Kollegiyanın sədri Anar Bağırov göstərilən səmimi qəbul və dəvətə görə təşəkkür edərək Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. O, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə dinamik inkişaf edən münasibətlərin hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Sədr həmçinin son illərdə Azərbaycanda məhkəmə-hüquq islahatları çərçivəsində Vəkillər Kollegiyasında həyata keçirilən genişmiqyaslı işlər, institusional inkişaf, rəqəmsallaşma prosesləri və vəkillərin sayının üç dəfədən çox artması barədə ətraflı məlumat verib.

Anar Bağırov Vəkillər Kollegiyasının tam müstəqil təsisat kimi fəaliyyət göstərdiyini qeyd edərək, Ədliyyə Nazirliyi ilə səmərəli və konstruktiv əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, Ədliyyə Akademiyasında vəkilliyə namizədlər üçün icbari təlim proqramlarının, eləcə də vəkillər üçün davamlı tədris kurslarının peşə hazırlığının yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyini də ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti səfirliyin kollektivi ilə görüşüb, diplomatik nümayəndəliyin fəaliyyəti və iş şəraiti ilə tanış olub. Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iki ölkə arasında münasibətlərin son illərdə dinamik inkişaf etdiyini qeyd edərək, hüquq sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını və bu istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əlaqələrin genişləndirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüşün sonunda Anar Bağırov səfirliyə Vəkillər Kollegiyasının rəsmi emblemini və Azərbaycan Respublikasının Konstitusiyasını hədiyyə edib.

Eyni zamanda, nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib. Konfrans çərçivəsində Azərbaycan və Rumıniya vəkilləri arasında peşəkar əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və gələcək birgə fəaliyyət imkanları müzakirə olunub. VK-nın sədri Anar Bağırov çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib və qurumlar arasında əməkdaşlığın gələcəkdə daha sistemli və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Arxiv üzrə axtarış