Rumıniyada 28 may - Respublika Günü və diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbul
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi Buxarest şəhərində yerləşən “Diplomatik Klub”da 27 iyun 2017-ci il tarixində 28 may – Respublika Günü və Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə Rumıniyanın ədliyyə naziri vəzifələrini icra edən Tudorel Toader, Daxili İşlər Nazirinin müavini Daniel Robert Marin, Rumıniya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun sədri Viktor Dobre, Rumıniya Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, Parlament üzvləri, siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar, ümumilikdə 500-dək qonaq iştirak edib.
Tədbirdə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilmişdir. AR-in Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən, qısa dövr ərzində keçdiyi inkişaf prosesindən, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar haqda məlumat vermiş, Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrini bərpa və inkişaf etdirdiyini, bu siyasətin bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik iqtisadi inkişafa, praqmatik xarici siyasətə malik islahatcıl və tolerant ölkə kimi tanındığını diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, ölkəmizin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində sülh yolu ilə ədalətli həllində Azərbaycanın tutduğu konstruktiv mövqeyə qarşı işğalçı Ermənistanın qeyri-konstruktiv siyasətini davam etdirdiyini bildirmişdir.
2017-ci ilin eyni zamanda Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü olduğunu vurğulayan Səfir ölkələrimiz arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş və Azərbaycan üçün prinsipial məsələləri beynəlxalq miqyasda davamlı olaraq dəstəklədiyinə görə dost Rumıniyaya təşəkkürünü bildirmişdir.
Respublika Günü münasibətilə Rumıniya dövləti adından təbrikin çatdırılması üçün Xarici İşlər Nazirlyinin Dövlət katibi (nazir müavini) Aleksandru Mikula çıxış etmişdir. Çıxışında A.Mikula tərəflər arasında yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oyandığı mühüm rola, 2009-cu ildə tərəflər arasında imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının mühümlüyünə toxunmuş, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Bununla yanaşı, ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq barəsində söz açılmış, bu yaxınlarda Rumıniyanın ali təhsil ocaqlarının rəhbərlərindən ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfəri qeyd olunmuşdur. Ölkəmizin Rumıniyada həyata keçirdiyi xeyriyyəçilik fəaliyyətinə toxunan Dövlət katibi bunun Rumıniya üçün əhəmiyyətini vurğulamışdır.
Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən video-çarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.