2022-12-15

Azərbaycanda multikulturalizm və tolerantlıq

Məqalədə müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh və firavanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığından bəhs edilib.

Bildirilib ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar bu və ya digər dərəcədə yayılaraq bir-birinə qarşılıqlı təsir göstəriblər.

Müasir Azərbaycan ərazisində yəhudiliyin tarixinə toxunan səfir bu tarixin 1300 ilə yaxın olduğunu, 1731-ci ildə yəhudilərin Azərbaycanda qəsəbə qurduqlarını xatırladıb. Qırmızı qəsəbənin dünyada yəhudilərin İsrail və ABŞ-dan kənarda kompakt yaşadığı, təqribən üç min yarım əhalisi olan yeganə yer olduğu vurğulanıb.

Məqalədə qeyd edilib ki, Azərbaycanda multikulturalizmin və dini tolerantlığın dövlət siyasəti səviyyəsində inkişafı ölkənin qədim dövlətçilik tarixinə əsaslanır. XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində bu siyasət dövlətçilik ideologiyası şəklini alıb. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin müvafiq müddəalarında, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti sayəsində Vətənimiz çoxmillətli və çoxkonfessiyalı ölkə, qlobal miqyasda mədəniyyətlərarası dialoq məkanı kimi tanınıb. Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanması sahəsində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilib.

Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinin dünyanın bir çox mütərəqqi dövlətləri tərəfindən nümunəvi model kimi bəyənilib və həyata keçirildiyini bildirən səfir, multikulturalizmin müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi özünü büruzə verdiyini diqqətə çatdırıb. Hazırda “Azərbaycan multikulturalizmi” fənninin dünyanın 14 nüfuzlu və Azərbaycanın 28 universitetinin tədris planına daxil edildiyi bildirilib.

Diplomat qeyd edib ki, 2022-ci ilin noyabr ayında Rumıniyanın ən qədim “Aleksandr İoan Kuza” Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin açılış mərasimi keçirilib. Son 5 ildə burada “Azərbaycan multikulturalizmi” fənnindən dərs deyən professor xanım Lüdmila Bejenarunun Azərbaycan Multikulturalizm Mərkəzinin sədri kimi fəaliyyətindən bəhs edib.

Məqalədə, həmçinin Azərbaycan hökumətinin tolerantlığın, multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün keçirdiyi müxtəlif tədbirlər haqqında məlumatlar da yer alıb.

https://www.agerpres.ro/ots/2022/12/15/multiculturalismul-si-toleranta-din-azerbaidjan--649038?fbclid=IwAR0Gp4C22GGoCyvEkRbnpw8Xar6SXu4fNeK9wbFDAqYe73puxE_XCJfJCYA 

Arxiv üzrə axtarış