25 yanvar tarixində Azərbaycan Respublikasının Rumıniyaya yeni təyin olunmuş səfiri Qüdsi Osmanov SOCAR-ın Rumıniyadakı nümayəndəliyi olan “SOCAR Petroleum SA” şirkətinin baş ofisini ziyarət edib və şirkətin baş direktoru Ramil Əsədulzadə ilə görüş keçirib. Bu, Q.Osmanovun Rumıniya tərəfinə etimadnamələrini təqdim etdikdən sonra ilk rəsmi görüşü oldu.
Səfir Q.Osmanov SOCAR şirkətinin Rumıniya bazarında təmsil olunması və burada geniş fəaliyyət göstərməsini Azərbaycan-Rumıniya münasibətlərinə müsbət töhfə verdiyini diqqətə çatdırdı. O, ölkəmizin Rumıniyadakı səfiri olaraq, SOCAR şirkətinin Rumıniyadakı fəaliyyəti zamanı hər hansı bir çətinliyin üzləşdiyi təqdirdə, şirkətə mümkün bütün dəstəyi göstərəcəyini bildirdi. Səfir, Rumıniyanın Azərbaycan Respublikasının Strateji Tərəfdaşı olaraq, ölkəmiz tərəfindən regionda enerji və nəqliyyat layihələrinin, o cümlədən “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığın həyata keçirilməsində olduqca vacib rola malik olduğunu bildirdi. Q.Osmanov, qeyd olunan layihənin gələcəkdə daha çox ölkəni əhatə etmək potensialına malik olduğunu vurğuladı.
Öz növbəsində R.Əsədulzadə, “SOCAR Petroleum SA” şirkətinin 2011-ci ildən etibarən Rumıniya bazarında fəaliyyəti barədə məlumat verdi və hazırda şirkətinin Rumıniyada 75 yanacaqdoldurma məntəqəsi, 3 yanacaq deposu və 800 nəfərə yaxın işçi heyətə sahib olmasını qeyd etdi. İndiyədək şirkət tərəfindən Rumıniya iqtisadiyyatına 64 milyon avrodan çox investisiya yatırıldığı və şirkətin illik dövriyyəsinin təxminən 600 milyon avroya bərabər olduğunu diqqətə çatdırıldı.
Daha sonra, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, eləcə də “SOCAR Petroleum SA” şirkətinin Rumıniyanın enerji bazarında yaxın gələcəkdə planlaşdırdığı layihələr barədə fikir mübadiləsi və müzakirələr aparıldı.
Sonda şirkətin inzibati binası ilə tanışlıq aparıldı və xatirə şəkilləri çəkildi.
AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti