2024-02-26

Buxarestdə Xocalı soyqırımının 32-ci ildönümü anılıb.

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Buxarestdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Rumıniya parlamentinin Deputatları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Türkiyə Respublikasının və Türkmənistanın Rumıniyadakı səfirləri, ümumilikdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, ziyalılar, iş adamları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov bu il Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd etdiyini vurğulayıb. İlk dəfə olaraq bütün ölkə ərazisində suverenliyin bərpa olunduğu və Xocalıda da üçrəngli bayrağımızın dalğalandığını söyləyən səfir, Azərbaycan dövlətinin cinayətkarların cəzasız qalmaması istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdırıb. "Xocalı cinayətkarlarının artıq bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediləcəklər” deyə diplomat əlavə edib.

Daha sonra Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək, dünya ictimaiyyətinin uzun illər Xocalı soyqırımına səssiz qaldığını söyləyib. Azərbaycanın öz problemini hər zaman öz gücünə həll etdiyini və bütün bu müddət ərzində Türkiyənin hər daim qardaş Azərbaycanın yanında olduğunu, bundan sonra da "iki dövlət, bir millət" şüarı altında hər zaman bir-birinə dəstək olacağını söyləyib.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib, eyni zamanda, soyqırımı barədə fotosərgi təşkil olunub.

AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti



Arxiv üzrə axtarış